Dəyərlərimiz

Məhsulların keyfiyyəti

İstehlakçının tələblərinin yerinə yetirilməsi bugünki rəqabət mühitində uğurlu fəaliyyətin və gələcək inkişafın zəmanətidir. İstehsal olunan quş ətinin, süd, yem və taxıl məhsullarının daim yüksək səviyyədə olması və istehsalın effektiv idarə olunması şirkətin bazardakı mövqeyinin genişlənməsində və istehsalın həcminin artmasında əsas rol oynayır.

Biz qida məhsullarının istehsalçısı kimi istehlakçılar qarşısında məsuliyyətimizi dərk edirik. Bizim əsas vəzifəmiz insanları keyfiyyətli, ekoloji təmiz, təhlükəsiz məhsulla təmin etməkdir. Bu vəzifəyə bütün istehsal strukturumuz tabedir. Yüksək keyfiyyətli məhsulun istehlakçılara çatdırılmasına nail olmaq üçün istehsal prosesinin bütün mərhələlərində keyfiyyətə nəzarət daim diqqət altındadır və bütün işçilər tərəfindən ali məqsəd və məsuliyyət kimi qəbul olunur.

İstehlakçıların arzularının öyrənilməsi, təhlili və nəzərə alınması üçün müntəzəm olaraq alıcıların sorğusu keçirilir, bazardakı vəziyyət araşdırılır, marketinq tədqiqatları aparılır və daim keyfiyyətin daha da yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Qida və yem məhsullarının istehsalında istifadə olunan və onun keyfiyyətini müəyyən edən xammal, material və digər vəsaitlərin təchizatçılarıilə tərəflər üçün qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulur.Eyni zamanda bu malların mənşəyi, istehsalı, emalı, qablaşdırılması, saxlanması və qida sənayesində istifadəsinin təhlükəsizliyi barədə müvafiq yoxlanışlar keçirildikdən və rəsmi sənədlər alındıqdan sonra istifadə edilir. SƏBA  istehsalın və satışın bütün mərhələlərində gigiyenik qaydalara əməl etməklə istehlakçıları təhlükəsizlik standartının tələblərinə uyğun qida və yem məhsulları ilə təmin edir.

İşçi heyəti

SƏBA əməkdaşlarının bilik və bacarıqlarının artırılması yüksək keyfiyyətin, onların xidməti inkişaf və maddi rifahlarının yüksəldilməsinin təminatıdır. Cəmiyyət öz əməkdaşlarının bilik və bacarıqlarının artırılması təşəbbüsünü daima dəstəkləyir, onların lazımi səviyyədə olmasını və daim inkişaf etməsini təmin edir. Cəmiyyətin rəhbərliyi Keyfiyyət Menecmenti Sistemini, eyni zamanda qida və yem məhsullarının təhlükəsizliyi ilə əlaqədar bütün tədbirləri hərtərəfli dəstəkləyərək onun effektivliyini tələblərə uyğun olaraq daima artırmaq öhdəliyini üzərinə götürür.

Sosial məhsuliyyət

SƏBA-nın sosial yönümlü fəaliyyəti daim diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, hazırda müəssisələrdə 1000-ə yaxın işçi çalışır. Ancaq bu son deyil. Regionların inkişafı üzrə dövlət proqramına dəqiq əməl edən SƏBA növbəti illərdə müəssisədə daha 300-400 iş yeri açmağı planlaşdırır. Bu isə Dəvəçi, Biləsuvar, Beyləqan, Ağcabədi kimi iqtisadi cəhətdən o qədər də güclü inkişaf etməmiş rayonlar üçün kifayət qədər sanballı rəqəmdir. SƏBA müəssisələrində çalışanlar bir sıra sosial güzəştlərdən, o cümlədən Azərbaycanın əmək qanunvericiliyində nəzərdə tutulan bir sıra sosial imtiyazlardan faydalanmaq, eləcə də müəssisənin məhsullarını güzəştli qiymətə almaq imkanına malikdirlər. SƏBA Dəvəçi rayon mərkəzində Heydər Əliyev adına parkın, şəhidlər xiyabanının və bir sıra sosial obyektlərin inşasında və abadlaşdırılmasında da yaxından iştirak edib.

SƏBA 2012-ci ildə Bakı şəhərindəki bütün uşaq bağçalarını və uşaq evlərini (308 müəssisə) təmənnasız olaraq toyuq əti ilə təmin etməklə cəmiyyətdəki sosial çətinliklərin aradan götürülməsində öz dəstəyini bir daha sübut etdi.

Ətraf mühitin qorunması

SƏBA istehsalatın ekoloji təhlükəsizliyini təmin etmək üçün ardıcıl işlər aparır. Mənəvi və fiziki olaraq köhnəlmiş broyler avadanlığının əvəzinə Almaniyanın yüksək ekoloji standartlara uyğun “Big Dutchman” şirkəti tərəfindən təmin olunmuş yeni Avropa standartlı avadanlıq quraşdırılmışdır. Yeni avadanlıq istehsalatı ekoloji təhlükəsiz edib duru peyin yaranmasını aradan götürdü. Toyuqların təbii şəraitdə saxlanılması quşların inkişafına və toyuq ətinin keyfiyyətinə müsbət təsir göstərir.

Təbiəti mühafizə tədbirlərinə əhəmiyyətli dərəcədə vəsaitlər ayrılır. İstehsal sahələrində ətraf mühitə daim diqqət yetirilir və yeraltı suların, torpağın, havadurumunun monitorinqi aparılır. Mikrobioloji və biokimyəvi araşdırmalar müstəqil laboratoriyalarda müntəzəm olaraq keçirilir.